"Zarafatda həddi aşanlar məlundurlar" İmam Əli (ə)

23 4 2017 / 25 Rəcəb 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 12°C

Din
Zəkat və onun hökmləri (3-cü hissə)

09.01.2017 | 22:16

Oxunub: 104

 

QOYUNUN NİSABI

Məsələ 1876: Qoyunun 5 nisabı vardır:
1. Qırx qoyun: zəkatı bir qoyundur. Qoyunların sayı 40-a çatmayanadək zəkatı yoxdur.
2. 121 qoyunun: zəkatı 2 qoyundur.
3. 201 qoyunun: zəkatı 3 qoyundur.
4. 301 qoyunun: zəkatı 4 qoyundur.
5. 400 ədəd və ondan yuxarı olanda gərək 100 ədəd 100 ədəd hesab etsin və onların hər bir 100 ədədinə 1 qoyun versin. Zəkatı qoyunların özündən vermək lazım deyil, hətta əgər digər qoyun versə və ya qoyunun qiymətinə uyğun pul versə, kifayətdir.

Məsələ 1877: İki nisab arasında zəkat vacib deyildir. Əgər birinin qoyunlarının sayı 40 ədəd olan birinci ölçüdən çox olub, 121 ədəd olan ikinci nisaba çatmayıbsa, yalnız 40 ədədinin zəkatını verməlidir. Artığının zəkatı isə yoxdur. Sonrakı ölçülərdə də belədir.

Məsələ 1878: Nisab miqdarına çatmış dəvə, inək və qoyunun zəkatı vacibdir. İstər hamısı erkək və ya dişi olsun yaxud bəzisi erkək, bəzisi dişi olsun.

Məsələ 1879: Zəkatda inəklə camış, ərəb dəvəsi ilə qeyri-ərəb dəvəsi, keçi ilə qoç və şişək zəkatda eyni cinsdən hesab olunur və bir-birilə fərqi yoxdur.

Məsələ 1880: Əgər zəkat üçün qoyun versə, ehtiyat-vacibə görə, ən azı iki yaşlı, keçi versə, ehtiyata görə üç yaşına daxil olmuş olmalıdır.

Məsələ 1881: Zəkat kimi verilən qoyunun qiyməti, sair qoyunlardan azacıq az olsa, eybi yoxdur. Amma daha yaxşı olar ki, qiyməti sair qoyunların qiymətindən çox olanı zəkat kimi versin. Həmçinin, inək və dəvədə də eyni qayda ilə.

Məsələ 1882: Əgər bir neçə nəfər şərik olsalar, hər birinin payı birinci nisab həddinə çatsa, zəkatını verməlidir. Payı birinci nisab həddindən az olan şəxsə, zəkat vacib deyil.

Məsələ 1883: Əgər bir nəfərin bir neçə yerdə inəyi, dəvəsi, yaxud qoyunu olsa və üst-üstə nisab həddinə çatsalar, gərək onların zəkatını versin.

Məsələ 1884: Əgər inək, qoyun və dəvəsi xəstə və eybli olsalar da, gərək onların zəkatını versin.

Məsələ 1885: Əgər xəstə və ya eybli yaxud qoca inəyi, qoyunu və dəvəsi varsa, zəkatını onların özündən verə bilər. Lakin onların hamısı sağlam, eybsiz və cavan olsa, xəstə, eybli və ya qocasını verə bilməz. Hətta əgər onların bəzisi sağlam, bəzisi xəstə, bir dəstəsi eybli, başqa dəstəsi eybsiz, bir miqdarı qoca və bir miqdarı cavan olsa, ehtiyat-vacib budur ki, onların zəkatı sağlam, eybsiz və cavan heyvandan verilsin.

Məsələ 1886: On bir ay tamam olmazdan əvvəl sahibi olduğu inəyi, qoyununu və dəvəni başqa şeylə əvəz etsə, yaxud nisabı olanı nisab miqdarı ilə həmən cinsdən əvəz etsə, məsələn; 40 qoyun verib və başqa 40 qoyun alsa, əgər bu iş zəkatdan boyun qaçırmaq məqsədilə olmasa, ona zəkat vacib olmaz. Amma əgər bu məqsədlə olmuş olarsa, belə ki, hər ikisinin də mənfəəti bir çeşiddə olarsa, məsələn; hər iki qoyun süd verən qoyun olarsa, ehtiyat-lazım budur ki, onun zəkatını versin.

Məsələ 1887: İnək, dəvə və qoyunun zəkatını verməli olan şəxs onların zəkatını başqa malından versə, onların sayı nisabdan az olmayana qədər, gərək hər il zəkatını versin. Əgər onların özündən versə və birinci ölçüdən az olsa, zəkatı vacib deyil. Məsələn; 40 qoyunu olan əgər başqa malından onların zəkatını versə, qoyunları 40-dan azalmayana qədər hər il gərək bir qoyun versin. Əgər onların özündən versə, 40-a çatmayana qədər ona zəkat vacib deyildir.

 

TİCARƏT MALININ ZƏKATI

İnsan müavizə (qarşılıqlı olaraq dəyişdirmə) əqdi ilə sahib olduğu və ticarət və qazanc əldə etmək üçün saxladığı malın ehtiyat-vacibə əsasən bir neçə şərtlə zəkatını verməlidir. Onun zəkatı isə qırxda birdir.
1. Sahibi ağıllı və həddi-büluğa çatmış olmalıdır.
2. Mal ən azı 15 misqal sikkəli qızıl, yaxud 105 misqal sikkəli gümüş qədərində (dəyərində) olmalıdır.
3. Onunla ticarət etməyi qəsd etdiyi vaxtdan bir il keçməlidir.
4. Bir il boyunca ondan mənfəət götürmək niyətində qalmalıdır. Buna əsasən əgər ilin ortasında məqsədindən dönərsə və məsələn; onu xərcləri üçün sərf etmək istərsə, onun zəkatını vermək lazım deyildir.
5. O malın sahibi bütün il boyunda onda təsərrüf etmək imkanına qadir olsun.
6. İlin tamamında, sərmayənin miqdarına və ya daha artıq bir miqdarla müştərisi olmalıdır; buna əsasən əgər ilin bir qismində onun sərmayədən az müştərisi olarsa, onun zəkatını vermək vacib deyildir.

 

ZƏKATIN SƏRF OLUNMA YERLƏRİ

Məsələ 1888: Zəkat səkkiz yerdə sərf olunur:
1. Fəqirə. (Fəqir özünün və ailəsinin illik xərclərini təmin edə bilməyən kəsdir. Sənət və ya mülk yaxud da sərmayəsi olan şəxs, sərmayənin mənfəətlərindən öz illik xərclərini təmin edə bilirsə, fəqir deyil).
2. Miskinə. (Miskin, vəziyyəti fəqirdən də ağır olan kəsdir).
3. İmamın (ələyhis-səlam), yaxud onun naibinin tərəfindən zəkatı yığıb saxlamağa onun mühasibəçisinə, onu İmama (ələyhis-səlam), yaxud onun naibinə və ya fəqirlərə çatdırmağa vəzifəli olan şəxsə.
4. Zəkat verildiyi təqdirdə, İslama meyl edən və ya döyüşdə və digər işlərdə müsəlmanlara yardım edən kafirlər. Həmçinin, Rəsulullahın (səlləllahu ələyhi və alihi vəs-səlləm) gətirdiyi şəriətin bəzisinə imanları zəif olan müsəlmanlar, onlara zəkat vermək imanlarının güclənməsinə yol açarsa, vermək olar. Yaxud həzrət Əmirəl-möminin Əlinin (ələyhis-səlam) vilayətinə imanı olmayan müsəlmanlara zəkat vermək, onların vilayətə inanmağa rəğbətlərini artırıb inamlarına səbəb olarsa, zəkat vermək olar.
5. Qulları satın alıb azad etmək üçün; (təfsilatı ilə öz yerində deyilibdir).
6. Borcunu verə bilməyən borcluya;
7. Allah yolunda xərcləmək. Məsələn; məscid tikmək, dini elmlər oxunan mədrəsə tikmək, şəhər təmizləmək və yolları asfalt edib genişləndirmək kimi, faydası ümumi müsəlmanlara aid olan işlərdə xərcləmək.
8. İbni-səbil; yəni səfərdə çətinliyə düşmüş müsafir.
Bunlar zəkatın sərf edildiyi yerlərdir. Amma mal sahibi zəkatı İmamın (ələyhis-səlam) və ya onun nümayəndəsinin icazəsi olmadan 3-cü və 4-cü yerə sərf edə bilməz. Ehtiyat-lazıma əsasən 7-ci yerə xərcləməkdə də şəriət hakimindən icazə almalıdır. Bu yerlərə aid hökmlər sonrakı məsələlərdə deyiləcək.

Məsələ 1889: Ehtiyat-vacib budur ki, fəqir və ya miskin özünün və əhl-əyalının illik xərclərindən çox zəkat almasın. Əgər bir miqdar pulu və malı olsa, yalnız bir illik xərcinin miqdarına yetişmədiyi qədəri zəkat alsın.

Məsələ 1890: İllik xərci olan şəxs, əgər ondan bir miqdarını xərcləyib, qaldığı miqdarın il xərclərinə çatası olub-olmamasına şəkk etsə, zəkat ala bilməz.

Məsələ 1891: Gəliri illik xərclərindən az olan sənətkar, malik və ya tacir xərclərinin çatışmayan hissəsi üçün zəkat ala bilər və iş alətlərini, ya mülk yaxud sərmayəsini xərclərinə sərf etməsi lazım deyil.

Məsələ 1892: Özünün və ailə fərdlərinin illik məsrəflərinə sahib olmayan bir fəqirin, əgər içərisində oturduğu və mülkiyyətində olduğu bir evi və ya bir minik vasitəsi olarsa, belə ki, onlarsız yaşaya bilməzsə, abrını qorumaqdan ötrü olsa da zəkat ala bilər. Ev əşyaları, qab-qacaq, qış və yay paltarı və ehtiyacı olduğu şeylər də bu kimidir. Bunlara sahib olmayan fəqir, bunlara ehtiyacı olmuş olsa, bu şeyləri zəkatla ala bilər.

Məsələ 1893: Kəsb (ticarət) edərək özünün və ailəsinin xərclərini təmin edə bilən bir fəqir tənbəllik üzündən bu işləri etməzsə, zəkat alması icazəli deyil. Kəsb-ticarət elm öyrənməsinə mane olan bir dini tələbə heç bir halda fəqirlərin səhmindən zəkat ala bilməz. Amma əgər təhsil almaq ona vacibi-eyni olarsa, onda ala bilər və onun təhsil alması ümumi mənfəətə malik olsa, ehtiyat-lazıma əsasən şəriət hakiminin icazəsi ilə səbilullah səhmindən alması caizdir. Sənət öyrənməsi çətin olmayan bir fəqir, ehtiyat-vacibə əsasən, zəkat almaqla yaşaya bilməz. Lakin sənət öyrənməklə məşğul olduğu müddətdə zəkat ala bilər.

Məsələ 1894: Əvvəli fəqir olmuş, indi «fəqirəm» deyən şəxsə, insana onun sözündən xatircəmlik gəlməsə də, zəkat verə bilər. Amma ehtiyata əsasən, əvvəldən fəqir olub-olmadığı bir şəxsə məlum olmasa, fəqir olduğuna xatircəm olmayanadək, zəkat verə bilməz.

Məsələ 1895: Əvvəli fəqir olmamış, indi «fəqirəm» deyən şəxsin sözündən xatircəmlik hasil olmasa, ona zəkat vermək olmaz.

Məsələ 1896: Zəkat verən şəxs, əgər bir fəqirdən tələbkardırsa, öz tələbini həmin fəqirdən zəkat əvəzi hesab edə bilər.

Məsələ 1897: Əgər bir fəqir ölsə və onun malı borcuna çatmasa, insan onda olan alacağını zəkat olaraq hesab edə bilər. Hətta, əgər onun malı borcu miqdarınca olsa, varisləri onun borcunu verməsələr və ya başqa cəhətə görə insan öz alacağını ala bilməsə, onda olan alacağını zəkat olaraq hesab edə bilər.

Məsələ 1898: İnsanın fəqirə zəkat olaraq verdiyi şeyin zəkat olmasını ona deməsi lazım deyil. Hətta əgər fəqir xəcalət çəkərsə, zəkat məqsədilə verilən malın zəkat olduğunu aşkar etməməsi müstəhəbbdir.

Məsələ 1899: Bir şəxsi fəqir hesab edərək, ona zəkat verib, sonra onun fəqir olmadığını anlayarsa və ya şəri hökmü bilmədiyindən fəqir olmayan bir şəxsə zəkat verərsə, kifayət deyildir. Bu halda əgər verilən şey qalırsa, ondan alıb müstəhəqqə verməlidir. Əgər verilən şey yox olub aradan getmişdirsə, onu alan şəxs, onun zəkat olduğunu bilirdisə, onun əvəzini ondan alıb müstəhəqq olana verə bilər. Amma əgər zəkat olduğunu bilmirdisə, ondan heç bir şey ala bilməz. Öz malından zəkatın əvəzini müstəhəqq olana verməlidir. Hətta ehtiyat-vacibə əsasən, fəqiri tanımaqda təhqiqat aparmış olsa, yaxud şəri höccətə istinad etmiş olsa belə hökm eynidir.

Məsələ 1900: Borclu olub, borcunu verə bilməyən şəxs, özünün illik xərclərinə malik olmasına baxmayaraq, borcunu ödəmək üçün zəkat ala bilər. Lakin o, borc aldığı malı gərək günah işlərdə xərc etməmiş olsun.

Məsələ 1901: Borclu olub, borcunu verə bilməyən şəxsə zəkat versə, sonra o borcu, günah işlərdə xərclədiyini bilsə, əgər o borclu fəqir olsa, ona verdiyini fəqirlərə verilən qismindən hesab edə bilər.

Məsələ 1902: Borclu olub borcunu ödəyə bilməyən şəxsin fəqir olmamasına baxmayaraq insan ondan olan öz tələbini zəkat əvəzi hesab edə bilər.

Məsələ 1903: Xərci qurtarmış, yaxud miniyi işdən düşmüş müsafir belə ki, onun səfəri günah iş üçün olmasa və borc almaqla, ya bir şeyini satmaqla məqsədə çata bilməsə, öz vətənində fəqir olmasa belə, zəkat ala bilər. Amma əgər başqa yerdə borc almaqla, yaxud bir şey satmaqla səfər xərcini təmin edə bilirsə, yalnız ora çatmaq miqdarında zəkat ala bilər. Ehtiyat-vacibə görə, əgər öz vətənində olan bir malı satmaq və ya icarəyə verməklə yol xərcini hazırlaya bilərsə, gərək zəkat almasın.

Məsələ 1904: Səfərdə əlacsız qalmış və zəkat almış müsafir vətəninə çatdıqdan sonra zəkatdan bir şey artıq qalmış olsa, əgər onu zəkat verən şəxsə qaytarmaq mümkün deyilsə, gərək onu şəriət hakiminə verib, zəkat olmasını da desin.

 

ZƏKATA MÜSTƏHƏQ OLAN ŞƏXSLƏRİN ŞƏRTLƏRİ

Məsələ 1905: Mal sahibinin zəkatını verə bilən şəxs, gərək on iki imam şiəsi olsun. Əgər insan bir şəxsi, on iki imam şiəsi bilib, ona zəkat versə və sonra da şiə olmadığı məlum olsa, gərək ikinci dəfə zəkat versin. Hətta ehtiyat-vacibə görə əgər bu barədə təhqiqat aparmış olsa və ya şəri höccətə istinad etmiş olsa belə, hökm eynidir.

Məsələ 1906: Əgər şiə olan uşaq, ya bir dəli fəqir olsa, insan onun vəlisinə zəkat versin, bu məqsədlə ki, verilmiş zəkat, uşaq və dəlinin mülkiyyətində olsun. Həmçinin özü və ya əmin bir şəxsin vasitəsi ilə zəkatı, fəqir uşaq və ya dəliyə sərf edə bilər. Zəkatın onlara sərf edildiyi zaman, zəkat niyyəti edilməlidir.

Məsələ 1907: Dilənçilik edən fəqirə, fəqir olması sübut olunsa, zəkat vermək olar. Lakin zəkatı günah işlərdə xərcləyənə zəkat vermək olmaz. Hətta verilən zəkatın özünü günah işdə xərcləməsə də, zəkat verilməsi onu günah işlətməyə rəğbətləndirərsə, ehtiyat-vacibə əsasən, həmin şəxsə zəkat vermək olmaz.

Məsələ 1908: Şərab içən, ya namaz qılmayan və həmçinin aşkarda böyük günah edən şəxsə, ehtiyat-vacib budur ki, zəkat verilməsin.

Məsələ 1909: Borclu olub borcunu verə bilməyən şəxsə, onun xərcləri insana vacib olsa da, insan onun borcunu zəkatdan verə bilər.

Məsələ 1910: İnsan, xərcləri ona vacib olan övlad kimi şəxslərin xərclərini zəkatdan verə bilməz. Lakin əgər onların xərclərini verməsə, başqaları onlara zəkat verə bilər. Əgər xərcləri ona vacib olan şəxslərin xərclərini verməyə qadir deyilsə, zəkat da ona vacib olsa, onların nəfəqəsini (xərclərini) zəkatdan verə bilər.

Məsələ 1911: Əgər insan öz oğluna zəkat versə ki, (o da öz növbəsində) özünün həyat yoldaşına, nökərinə və külfətinə xərcləsin, eybi yoxdur.

Məsələ 1912: Ata, zəkatın Allah yolunda olan qismindən oğlunun möhtac olduğu elmi və dini kitabları alaraq ona verə bilməz. Amma əgər ümumi məsləhət bunu tələb edirsə o halda bunu edə bilər və ehtiyata əsasən gərək şəriət hakimindən icazə alsın.

Məsələ 1913: Ata zəkatını öz fəqir oğluna verə bilər ki, özü üçün arvad alsın, oğul da atasının arvad alması üçün öz zəkatını ona verə bilər.

Məsələ 1914: Xərci əri tərəfindən verilən qadına habelə əri, xərclərini verməyən, amma hərçənd onun xərclərini verməyə məcbur etmək üçün şəriət hakiminə müraciət etməklə xərclərini ala bilən qadına zəkat vermək olmaz.

Məsələ 1915: Siğə olunmuş bir qadın, fəqir olarsa, əri və başqaları ona zəkat verə bilər. Lakin əri ilə əqd zamanı onun xərclərini verməyə şərt edərsə, ya başqa cəhətdən onun xərcləri ərinə vacib olsa, əri onun xərclərini verdiyi təqdirdə, ona zəkat vermək olmaz.

Məsələ 1916: Qadın öz fəqir ərinə, hərçənd, ər zəkatı o qadının xərclərinə sərf etsə belə, zəkat verə bilər.

Məsələ 1917: Seyyid, seyyid olmayandan zəkat ala bilməz. Amma zərurət halı istisnadır. Ehtiyat-vacibə görə zərurət də elə bir həddə olmalıdır ki, xüms və sair vücuhatdan xərclərini təmin edə bilməsin. Həmçinin ehtiyat-vacibə görə imkan olan surətdə hər gün o günün xərclərinə kifayət edəcək qədər almaqla o kifayətlənməlidir.

Məsələ 1918: Seyyid olub-olmadığı məlum olmayan şəxsə zəkat vermək olar. Amma əgər özü seyyid olmasını iddia etsə və mal sahibi zəkatını ona versə, onun öhdəsindən (zəkat vermək) götürülməz.

Qeyd edək ki, zəkat haqqında hissə-hissə saytımızda yerləşdiririk.

Ardı var...

Şərh yaz

Digər xəbərlər